Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində ”Vətənin ölməz oğulları” adlı növbəti tədbir keçirilib

17.03.2022

17 mart tarixində Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Masallı Dövlət Rəsm Qalereyası və "Ümidim Sənsən" Sosial İnkişafa Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Vətənin ölməz oğulları" layihəsi çərçivəsində növbəti - "Vətənin yaz müjdəçiləri" adlı tədbir keçirilib. Novruz bayramı münasibətilə keçirilən tədbirdə adıçəkilən müəssisələrin əməkdaşları, şəhid ailələri, qazilər və digərləri iştirak edib.

İlk öncə, Vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını Bayram münasibəti ilə təbrik edib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfəri xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına əldə edildiyini deyib. Qeyd edib ki, Zəfər cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Əlavə edilib ki, bütün dünyada pandemiyanın yaratdığı iqtisadi çətinliklər olsa da, ölkəmizdə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə təxirə salınmır. Xalqımıza ucalıq bəxş edən oğulların, onların ailələri və övladlarına qayğı ilə yanaşmaq isə hər bir ölkə vətəndaşı üçün mənəvi borc olmalıdır.

İki şəhid anası Ziba Əsgərli çıxışında deyib: "Oğul itgisi nə qədər ağır olsa belə, bütün qəhrəman oğullarımla qürur duyuram, bizlərə göstərilən diqqət və qayğıya görə isə dövlətə və onu icra edən hər bir kəsə şəhid anaları adından təşəkkürümü bildirirəm. O, çıxışının sonunda tədbirdə iştirak edənləri bayram münasibəti ilə təbrik edib.

Sonra Qarabağ vetetanı Camaləddin Məmmədov cəbhə xatirələrindən danışaraq, döyüşlərdə iştirak etmiş hər bir qəhrəman vətən övladları ilə qürur hissi keçirdiyini deyib.

Masallı Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Salman Yunusov çıxışında deyib ki, Vətən müharibəsində şəhid olmuş döyüşçülərin ailələri, qazilər, xüsusilə döyüşlərdə yaralananlar daim dövlətin diqqət mərkəzindədir, onlara daim maddi və mənəvi dəstək göstərilir.

Daha sonra Fidan Abbaslı qeyd edib: "Dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti, bu kimi çağırışların öhdəsindən bütün göstəriciləri ilə sosial dövlət meyarlarına cavab verən və öz siyasətinin mərkəzində vətəndaşın dayandığı dövlətlər gəlir". 

Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidov da öz növbəsində qonaqları Novruz bayramı münasibəti ilə təbrik edərək xoş arzularını ifadə edib.

Tədbirin sonunda mart ayında doğulmuş şəhidlərin valideynlərinə və qazilərə “Təşəkkürnamə”lər, şəhid övladlarına isə hədiyyələr təqdim edilib.