Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Novruz bayramı münasibətilə şəhid ailələri və qazilər ziyarət olunub

16.03.2022

Martın 16-da Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin maddi dəstəyi ilə Masallı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ziyarət olunub. Novruz bayramı münasibətilə baş tutmuş təşəbbüsdə sözügedən həmkarlar qurumunun sədri Vəkil İsmailov, Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, İdarə Aparatının əməkdaşları və müəssisə rəhbərləri iştirak ediblər.

Mədəniyyət işçiləri Masallı şəhərində şəhid Zeynal Şahhüseynli və rayonun Digah kəndində şəhid Cavid İbadovun ailələrinin qonağı olublar. Sonra onlar Ərkivan qəsəbəsində qazi Fərid Mahmudov və qazi Kəmaləddin Bağırova baş çəkiblər.

Görüşlərdə keçmiş döyüşçülərin həyat hekayələrindən bəhs olunub, həmçinin cəbhə xatirələri yada salınıb. Ailə üzvlərinə mənəvi dəstək ifadə edən mədəniyyət işçiləri isə, şəhid ruhlarına sayğı göstərib, qazilərə şəfa diləyiblər.

Ziyarətlər zamanı Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən tədarük olunmuş Novruz sovqatı ailələrə təqdim edilib.