Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Qarabağın incisi Şuşa” rəsm müsabiqəsinə yekun vurulub.

03.03.2022

Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin birgə layihəsi “Qarabağın incisi Şuşa” adlı rəsm müsabiqəsi başa çatıb. Martın 3-də Masallı rayon Heydər Əliyev Mərkəzində müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Mərkəzin kollektivi, Masallı şəhər Onbirillik İncəsənət Məktəbinin direktoru Fərhad Qurbanov, rəsm müsabiqəsinin münsiflər heyətinin üzvü, rəssam Ehtiram Məmmədov, qaliblər və valideynlər iştirak ediblər.

Tədbirə başlamazdan əvvəl Birinci və İkinci Qarabağ müharibəsi şəhidləri ehtiramla yad edilib.

Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva, Fərhad Qurbanov və rəssam Ehtiram Məmmədov rəsm müsabiqəsinin maraqla qarşılandığını qeyd ediblər. Natiqlər müsabiqənin gənc istedadların üzə çıxarılmasındakı rolundan danışaraq, gələcəkdə də bu tip müsabiqələrin və rəsm sərgilərinin mütəmadi qaydada keçirilməsinin yeni nəsil rəssamların yetişməsində əhəmiyyətli olacağını bildiriblər.

Müsabiqədə I, II, III yerlərə layiq görülən məktəblilər “Fəxri Fərman”la təltif edilib. Sonrakı 11 yeri tutan iştirakçıya isə həvəsləndirici “Təşəkkürnamə”lər təqdim olunub.

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində təşkil olunan müsabiqənin əsas məqsədi şagirdlərə vətənpərvərlik ruhunu aşılamaq, həmçinin Qarabağın döyünən ürəyi Şuşa şəhərinin bənzərsiz gözəlliklərini bədii üsullarla ictimaiyyətə təqdim etməkdir.