05.04.2018
2018-ci il aprelin 5-də Masallı rayon Mədəniyyət Mərkəzinin geniş meydanında Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi cənab İlham Əliyevin ölkə prezdentliyinə namizədliyini dəstəkləmək məqsədi ilə rayonun çoxminli seçicilərinin iştirakı ilə “İlhamla İrəli” devizi altında mitinq-konsert təşkil edib.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən etibarən ölkə başçısı kimi genişmiqyaslı və çoxşaxəli fəaliyyəti, Onun müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və xalqımızın rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində apardığı uğurlu daxili və xarici siyasət, Azərbaycanın istər regionda, istər beynəlxalq səviyyədə qazandığı tarixi nailiyyətlər və misilsiz uğurlar haqqında ətraflı məlumat verdi. Nitqinin sonunda qeyd etdi ki, Masallı ictimaiyyəti birmənalı şəkildə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevi dəstəkləyir və Masallı seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə etimad göstərəcəklər.
Millət vəkili Nəriman Əliyev öz çıxışında bildirdi ki, bu gün hər birimiz cənab İlham Əliyevin vətəndaşlara göstərdiyi yüksək qayğı və diqqətə cavabımızı həm əməli işimizlə, həm də seçkidə verəcəyimiz böyük dəstəklə göstərməliyik: “Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. Və inanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə prezidenti seçiləcəkdir.”
E.Axubdova seçiciləri inkişaf, uğurlu gələcək naminə cənab İlham Əliyevə səs verməyə çağırdı.
YAP Siyasi Şurasının üzvü, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışında bildirdi ki, ötən 15 il ərzində dövlət başçısının reytinqi xalq arasında əhəmiyyətli dərəcədə yüksəlməkdə davam edib: “Bu sosial-siyasi göstərici ölkə rəhbərinin effektiv fəaliyyətinin nəticəsidir. Bütün bunların nəticəsi kimi, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin parlaq qələbə qazanacağı heç kəsdə şübhə doğurmur”.
Tədbirdə YAP Mərkəzi Aparatının məsul işçisi Emin Abbasov da iştirak edirdi.
Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov, Azərbaycan Tibb Universitetinin professoru Vəsadət Əzizov, və başqaları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlu nəticələrindən bəhs ediblər. Natiqlər Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin növbəti dəfə əzəmətli qələbə qazanacağına əmin olduqlarını bildiriblər.
Tədbir möhtəşəm konsert proqramı ilə davam etdirildi.