Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Oğurlanmış talelər” tamaşası növbəti dəfə teatrsevərlərə təqdim olunub.

25.02.2022

Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş silsilə anım tədbirləri davam etdirilir. Bu çərçivədə həyata keçirilən müxtəlif mədəniyyət tədbirləri sırasında teatr tamaşa və kompozisiyalarının səhnələşdirilməsi xüsusi əhəmiyyətə malikdir. Belə ki, Xocalı soyqırımı cinayətlərinin obrazlı şəkildə əyani təsviri faciə ilə bağlı faktların ictimai yaddaşda əbədi həkk olunmasına əvəzsiz töhfədir.

Vurğulanan məqsədlərlə fevral ayının ikinci yarısından başlayaraq, bir sıra mədəniyyət müəssisələrində Xocalı faciəsi mövzusunda tamaşalar ictimaiyyətə təqdim edilir. Fevralın 25-də isə N. Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Xocalı soyqırımı cinayətlərindən bəhs edən “Oğurlanmış talelər” tamaşasının növbəti təqdimatı olub. Yazıçı Nurəddin Ədiloğlunun ssenarisi əsasında hazırlanmış teatr kompozisiyası Masallı və Biləsuvar Xalq teatrlarının səhnə ustaları və Masallı Dövlət Regional Kollecinin tələbələrindən ibarət həvəskar aktyorların əməkdaşlığı ilə səhnəyə qoyulub.

Tamaşanın nümayişindən öncə yerli və biləsuvarlı qonaq rəsmilər Mədəniyyət Mərkəzində açılmış gənclərin rəsm sərgisinə baxış keçiriblər.

Sonra auditoriyadakı tamaşaçıların iştirakı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb.

Anma mərasimindən sonra qonaq və yerli teatr ustalarının iştirakı ilə “Oğurlanmış talelər” tamaşası göstərilib.

Tamaşada Xocalı soyqırımını törətmiş erməni əsgər və zabitlərinin azərbaycanlı əhaliyə qarşı amansız rəftarı, əsgərlərimizin qisas əməliyyatı parlaq səhnə ifaları ilə tamaşaçılara çatdırılıb. Bundan əlavə, teatr kompozisiyasında vətənə bağlılıq, yurd sevgisi kimi ülvi duyğular bədii formada ifadə edilib. Tamaşada həmçinin, tələbə və məktəblilərin ifasında şəhidlik zirvəsi və qəhrəmanlıq məqamını tərənnüm edən monoloqlar deyilib, şeirlər səsləndirilib.

Bildirək ki, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin dəstəyi ilə oynanılan tamaşanın quruluşu rejissor Cəmaləddin Əliyevə, səhnə və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.