Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Xocalı soyqırımı - əsrin qorxunc cinayəti”.

23.02.2022

Fevralın 23-də Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - əsrin qorxunc cinayəti” adlı tədbir keçirilib. Masallı şəhər 3 saylı tam orta məktəbində gerçəkləşən tədbirdə mədəniyyət işçiləri və adıçəkilən təhsil müəssisəsinin şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən Kitabxananın əməkdaşı Arzu Hüseynova bildirib ki, Xocalı soyqırımı bəşəriyyət tarixinə mülki əhaliyə qarşı törədilən ən dəhşətli cinayətlərdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan Silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoalayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara etnik mənsubiyyətinə görə mütəşəkkil formada soyqırımı cinayəti törədilib.

Tədbirdə məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Lətafət Əlirzayeva diqqətə çatdırıb ki, Xocalı soyqırımının işıqlandırılması Milli Qəhrəman Çingiz Mustafayevin adı ilə bağlıdır. Məhz, onun Xocalıda çəkdiyi videokadrlar sayəsində dünya ictimaiyyəti soyqırım barəsində materiallarla tanış oldu. Xocalının müdafiəsi naminə yeddi Azərbaycan Milli Qəhrəmanı döyüşüb. Milli Qəhrəman Allahverdi Bağırov erməni polkovniki Vitali Balasanyan vasitəsilə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etmişdir. Qeyd olunub ki, hazırda Xocalı soyqırımının tanıdılması Azərbaycan xarici siyasətinin əsas hədəflərindən biridir. Artıq dünyanın 16 ölkəsi, o cümlədən ABŞ-ın 24 ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.