Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

17.02.2022

Fevralın 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının otuzuncu ildönümünə həsr olunmuş “Əsrin faciəsi” adlı tədbir keçirilib. Tədbirdə adıçəkilən müəssisələrin əməkdaşları, Masallı şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İlk öncə, Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Muzeyin elmi işçisi Dilgüşə Məmmədova ilk çıxış edərək bildirib: "Xocalı soyqırımının baş verməsindən illər ötdükcə onun ağrı-acısı unudulmur, əksinə millətin yaddaşına əbədi həkk olunur". D. Məmmədova həmçinin qeyd edib ki, azərbaycanlılara qarşı erməni şovinist dairələrinin mərhələlərlə həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalıdır.

Qalereyanın direktoru vəzifəsini icra edən Təhmasib Məcidov çıxışında deyib: "Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəlmiş bu ağır hərbi cinayətin beynəlxalq miqyasda öz siyasi-hüquqi qiymətini alması və bu faciənin daha geniş tanıdılması işini hər bir azərbaycanlı özünə mənəvi borc bilmədir".

Sonra Muzeyin əməkdaşı Çingiz Qurbanov mövzu ilə bağlı məruzə edərək Xocalı faciəsinin törədilməsi və nəticələri barədə şagirdlərə geniş məlumatlar verib.

Daha sonra məktəblilər Qalereyada Xocalı soyqırımı mövzusunda açılmış “Dəhşətli gecə” adlı rəsm sərgisi ilə tanış olub, qanlı faciəyə həsr edilmiş şeirlər səsləndiriblər.