Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunda Mirəziz Rəfiyevin xatirəsi anılıb.

14.02.2022

Fevralın 14-də Yardımlı Tarix-Diyarşünaslıq Muzeyində unudulmaz ziyalı, Yardımlı rayonunda Muzeyin yaradılmasında böyük xidmətləri olmuş Mirəziz Rəfiyevin anadan olmasının 100 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Pandemiya məhdudiyyətləri ilə əlaqədar tədbir rayonun mədəniyyət işçilərindən bir qrupunun iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru Əli İsgəndərov Mirəziz Rəfiyevin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi iştirakçılardan xahiş edib. Sonra o, Muzeyin yaradılmasında və zənginləşdirilməsində böyük xidmətləri olmuş Mirəziz Rəfiyevin həyat yolu və gördüyü böyük işlər haqqında geniş məruzə ilə çıxış edib.

Daha sonra Masallı Regional Mədəniyyət İdarəsinin Yardımlı rayonu üzrə nümayəndəsi Ayaz Əliyev Mirəziz Rəfiyev barədə xatirələrindən söz açıb, Muzeyin yaradılmasındakı tarixi xidmətlərindən danışıb.

Həmçinin, Muzeyin elmi işçisi Əlisəfa Əhmədoğlu, fond mühafizi Anar Baloğlanlı, Yardımlı rayon Mədəniyyət Mərkəzinin direktoru Nəvahi Abiyev, Yardımlı şəhər kitabxana filialının müdiri Eldəniz Həsənov çıxış edərək unudulmaz ziyalının xidmətlərini dilə gətiriblər.

Sonda Mirəziz Rəfiyevin nəvəsi Eldəniz Heydərov çıxış edərək ailəsi adından tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib. Tədbirin sonunda qonaqlar Muzeydə təşkil olunan "Mirəziz Rəfiyev - 100!" sərgisinə baxış keçiriblər.