02.04.2018
2 aprel 2018-ci ildə Masallı rayon Mərkəzi Kitabxanasında Mərkəzi Kitabxana və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Əlhəddin Nəzərov uşaqların tərbiyəsində kitabların xüsusi yer tutduğunu, onların zəngin mənəvi zövqə malik bir insan kimi yetişməsində böyük rolu olduğunu bildirdi. Sonra çıxış edən Təhsil şöbəsinin metodisti Münəvyar Əzimova məhşur Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Kristian Andersenin dünyaya gəldiyi gün – 2 aprelin Beynəlxalq Uşaq Kitabı günü kimi təsis edildiyini, bu günün qeyd olunmasının cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək məqsədi daşıdığını bildirdi. 70 nəfərə yaxın kiçik yaşlı məktəblinin iştirak etdiyi tədbirdə “Nağıl günü” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Şəhər 1 saylı tam orta məktəbin 2-ci sinif şagirdlərinin ifasında H.Cavidin “Qiymətlərim “5” şeiri səsləndirilmiş, 3 saylı orta məktəbin 2-ci sinif şagirdləri Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılı, 4 saylı tam orta məktəbin 2- ci sinif şagirdləri Şarl Perronun “Qırmızı papaq” nağılı, “Dəfinə” məktəb liseyinin 2-ci və 4-cü sinif şagirdləri “Şah və vəzir” şeiri, Ərkivan qəsəbə 4 saylı tam orta məktəbin 2-ci və 4-cü sinif şagirdləri Abdulla Şaiqin “Tülkü həccə gedir”nağılı, İsgəndərli tam orta məktəbin 1-ci sinif şagirdləri “Çık- çık xanım” ,”Qoğal”xalq nağıllarının əsasında səhnələşdirilmiş tamaşalar nümayiş etdirmişlər.Tədbirin sonunda “Ədəbiyyat biliciləri” adlı viktorina keçirilmiş.Viktorinanın qalibləri Ağayeva leyla şəhər 3 saylı-1 yer ,Əbilova Züleyxa “Dəfinə məktəb-Liseyi” və Ağayeva Fatimə Ərkivan qəsəbə 4 saylı-2 yer,Məmmədova Fidan şəhər 1 saylı məktəb və Teymurov Kənan İsgəndərli tam orta məktəbin şagirdi- 3 yeri tutmuşlar.Bilik yarışında qalib gələn məktəblilər müxtəlif kitab və jurnallarla mükafatlandırılmışdır.Tədbirin 2-ci hissəsi Tarix diyarşunaslıq Muzeyində davam etdirilmişdir.