Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Sənəti ilə möcüzəvi naxışlar yaradan rəssam” - Cəlilabadda tədbir

18.12.2021

Dekabrın 18-də Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, xalçaçılıq-rəssamlıq sənətinin banisi, Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyi ilə əlaqədar "Sənəti ilə möcüzəvi naxışlar yaradan rəssam" adlı tədbir təşkil olunub. Tədbirdə Cəlilabad rayon Ocaqlı kənd 2 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların və Xalq rəssamı Kamil Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Muzeyin direktoru vəzifəsini icra edən Çimnaz Qasımova Xalq rəssamı haqqında ətrafli məlumat verib. O, bildirib ki, Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Dünyada portret-xalçaların ən yaxşı nümunələrini Kamil Əliyev yaratmış, bu sahədə ilk işi "Füzuli" xalçası olmuşdur. Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır.

Sonra adıçəkilən məktəbin müəllimi Könül Həsənova öz çıxışında bildirib: "Rəssamın çeşniləri əsasında toxunmuş xalçalar süjet və ornament rəngarəngliyi ilə səciyyələnir, əsrlər boyu Azərbaycanda formalaşmış xalçaçılıq məktəblərinin xüsusiyyətlərini vahid kompozisiya ətrafında birləşdirir. Kamil Əliyev bütün ömrünü xalqımızın mədəniyyəti tarixində mühüm yer tutan xalçaçılıq sənətinin qədim, zəngin ənənələrinin qorunub saxlanılmasına və inkişaf etdirilməsinə həsr etmiş böyük rəssam kimi tanınmışdır".

Sonda xatirə şəkilləri çəkdirilib.