Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Xalq rəssamı Kamil Əliyevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib

17.12.2021

Dekabrın 17-də Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, professor Kamil Əliyevin anadan olmasının 100 illiyi haqqında dövlət başçısının müvafiq Sərəncamına əsasən Masallı rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbirdə Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Masallı şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirə başlamazdan öncə şəhidlərimizin və xalq rəssamı Kamil Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxış edərək bildirib ki, Kamil Əliyevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı cənab Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncam görkəmli sənətkarımıza verilən yüksək dəyərdir.

Daha sonra UGİM-in xalçaçılıq müəllimi, eyni zamanda görkəmli rəssamın tələbəsi olmuş Tünzalə Abuzərova Kamil Əliyev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. T. Abuzərova çıxışında ömrünü xalçaçılıq sənətinin parlaq ənənələrinin yaşadılması və inkişafına həsr etmiş Kamil Əliyev yaradıcılığından bəhs edib. Görkəmli rəssamın fəaliyətinin əsas hissəsinin məhz “Azərxalça” birliyi ilə bağlı olduğunu qeyd edib.

Sonra UGİM-in şagirdinin xalça dəzgahında əl işinə baxış keçirilib, mövzu ilə bağlı müzakirələr aparılıb.