Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda narkomaniya və erkən nikahlar mövzusuna həsr olunmuş tamaşa göstərilib

17.12.2021

Dekabrın 17-də Masallı Xalq teatrında ictimai problemlərdən olan narkomaniya və erkən nikahlar mövzusuna həsr olunmuş "Bir ailənin faciəsi" tamaşası səhnələşdirilib. Ssenari müəllifi tanınmış jurnalist Əlihüseyn Şükürov olan səhnə işi Masallı Dövlət Regional Kolleci, rayon Gənclər və İdman İdarəsi, rayon Gənclər Evi, rayon Polis Şöbəsi və Xalq teatrının birgə təşəbbüsü və iştirakı ilə hazırlanıb.

Tamaşanın təqdimatından əvvəl ölkəmizin ərazi bütövlüyü uğrunda həyatından keçmiş şəhidlərin xatirəsi sükut və ehtiramla anılıb. Sonra kompozisiyanın məramı və maarifləndirici tərəfləri barədə çıxışlar edilib.

Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova, Masallı Bioloji Təbabət Klinikasının baş həkimi Tural Xaspolad və digərləri çıxışlarında tamaşada toxunulan ictimai problemləri günümüzün aktual məsələlərindən biri kimi xarakterizə edib, problemlərlə təsirli mübarizə üsullarından söz açıblar. Belə ki, çıxışlarda narkomaniyaya qarşı təxirəsalınmaz profilaktik işlərin əhəmiyyətindən bəhs olunub, erkən nikahlara qarşı maarifləndirmə tədbirlərinin zəruriliyi vurğulanıb. Həmçinin, narkomaniya və erkən nikahlara qarşı aidiyyəti qurumlarla yanaşı, cəmiyyətin bütün təbəqələrinin birgə mübarizəsinin vacibliyi xüsusi qeyd edilib.

Çıxışlardan sonra sözügedən mövzulara həsr olunmuş tamaşa oynanılıb.

Kompozisiyada narkomaniya və erkən nikahların doğurduğu ailədaxili və ictimai problemlərə diqqət çəkilib, potensial təhlükələr bədii üsullarla qabarıq əks etdirilib. Bunlarla bərabər, tamaşada problemlərlə effektiv mübarizə vasitəsi kimi maarifin roluna vurğu edilib.

Aktyorların səhnə ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, tamaşaya rejissor Cəmaləddin Əliyev quruluş verib. Səhnə tərtibatı və musiqilər isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir. Kompozisiyanın prodüseri Mərhəmət Lələyevdir.