Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ulu öndərsiz 18 il” - Yardımlı rayonunda tədbir

15.12.2021

Dekabrın 15-də Yardımlı Tarix-Diyarşünaslıq Muzeyinin Tədbirlər Planına uyğun olaraq ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Ulu öndərsiz 18 il” adlı tədbir təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Muzeyin baş fond mühafizəçisi İlqar Həsənov ulu öndərin həyat və müstəqil Azərbaycan Respublikasının inkişafında rolu haqda geniş məruzə edib: “Tarixin səhifələrini vərəqləyərkən görürsən ki, dünyada mövcud olan bütün xalqlar və millətlər müəyyən mərhələlərdə “nə etməli” sualı qarşısında qalırlar. Bu yerdə yalnız ağıl, zəka, iradə, uzaqgörənlik rol oynayır. Elə o zaman ortaya tarixi şəxsiyyət çıxır və mənsub olduğu xalqın problemlərini həll etmək üçün meydana atılır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyev bütün şüurlu həyatını canından artıq sevdiyi xalqının xoşbəxt yaşamasına, Azərbaycanın tərəqqisinə həsr etmişdir" - deyə, o, qeyd edib.

Daha sonra Muzeyin fond mühafizəçisi Anar Baloğlanlı, kiçik elmi işçi Amil Xəlilov və bələdçi Aqil Əlizadə çıxışlarında Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi, milli şüurun oyanışı istiqamətində görülmüş məqsədyönlü işlərdən söhbət açıb, həyata keçirilmiş tədbirlərin Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi mövcudluğuna zəmin hazırladığını vurğulayıblar.