Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür

10.12.2021

Dekabrın 10-da Masallı rayon Mərkəzi Kitabxanasında “10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günüdür” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Kitabxananın əməkdaşı Ağahüseyn Hüseyni hər il 10 dekabr tarixinin dünyada Ümumdünya İnsan Hüquqları Günü kimi qeyd olunduğunu deyib. O, “Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 10 dekabr 1948-ci ildə bu günü Ümumdünya İnsan Hüquqları Günü olaraq qəbul etdiyini bildirib. Qeyd olunub ki, dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş, BMT-nin İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsinə və digər beynəlxalq konvensiyalara qoşulmuşdur.

Sonra çıxış edən Kitabxananın digər əməkdaşı Rasif Dadaşov diqqətə çatdırıb ki, Şərqdə ilk parlamentli dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir çox dövlətlərdən əvvəl qadınlara kişilərlə bərabər seçki hüququ verilmiş, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqları tanınmışdır. Avropa Şurasına üzv olduqdan sonra Azərbaycanda Ombudsman (İnsan Hüquqları üzrə Müvəkkil) haqqında Konstitusiya Qanunun qəbul edilmiş, bunun əsasında ilk Ombudsman təsisatı yaradılmışdır. Həmçinin qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiya ilə ölkəmizdə insan hüquq və azadlıqlarına əsaslanan yeni hüquqi dövlət quruculuğunun əsasını qoymuşdur. Qısa müddətdə 65 əfv Sərəncamı imzalanmış, 11 amnistiya aktı qəbul edilmiş və bunlar on minlərlə insana şamil olunmuşdur.