Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ümummilli lider Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub

10.12.2021

Dekabrın 10-da N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunmuş "Böyük ömrün dastanı" adlı ədəbi-bədii kompozisiya təqdim edilib. Xalq şairi Zəlimxan Yaqubun ulu öndərə ithaf olunmuş şeirləri əsasında hazırlanmış kompozisiyada Xalq teatrının sənət ustaları və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri rolları bölüşüblər. Yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, mədəniyyət işçiləri, media nümayəndələri və rayon sakinlərinin iştirak etdiyi səhnə tədbiri ümummilli liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsinin hörmətlə yad olunması ilə başlayıb.

İlk olaraq, təhsil müəssisəsinin direktor müavini Dilarə Hüseynova ümummilli liderin mənalı həyat yolu və siyasi fəaliyyətinin əsas cəhətləri barədə məruzə ilə çıxış edib. O, görkəmli şəxsiyyətin öz xalqının rifahı və dövlətinin parlaq gələcəyi naminə gördüyü işləri auditoriyanın diqqətinə çatdırıb.

Sonra müəllim və tələbələr ulu öndər Heydər Əliyevə ithaf olunmuş şeir kompozisiyaları söyləyib, dahi siyasi liderin həyatından bəhs edən monoloqlar deyiblər. Daha sonra Mərkəzin solistləri, istedadlı sənətçilər Miriş Hüseynov və Şamo İbayev həzin musiqilər ifa ediblər.

Teatr kompozisiyasına rejissor Cəmaləddin Əliyev quruluş verib. Səhnə tərtibatı və musiqilər isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin maddi dəstəyi ilə hazırlanan ədəbi-bədii kompozisiya maraqla qarşılanıb.