Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərova həsr olunmuş tamaşa göstərilib

08.12.2021

Dekabrın 8-də Masallı Xalq teatrında Vətən müharibəsi qəhrəmanı Ramiz Sübhan oğlu Cəfərova həsr olunmuş "Şuşa qartalı" adlı tamaşa-kompozisiya göstərilib. Yazıçı Nurəddin Ədiloğlunun "Şəhidlik manifesti" kitabının motivləri əsasında hazırlanmış tamaşa Masallı rayon Mədəniyyət Mərkəzində səhnəyə qoyulub. Səhnə işinin təqdimatında şəhidin ailə üzvləri, müharibə iştirakçıları, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Tamaşa Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş igid oğulların xatirəsinin yad edilməsindən sonra başlayıb.

Şəhidin həyat yoldaşı Sitarə Cəfərova çıxışında Ramiz Cəfərovun qəhrəmanlığından bəhs edib, həmçinin tamaşaya görə yaradıcı kollektivə minnətdarlığını bildirib. Sonra səhnə ifalarına yer verilib.

Kompozisiyada vətənpərvərlik şeirləri səsləndirilib, şəhidlik zirvəsinin müqəddəsliyindən bəhs edən çıxışlar edilib. Eyni zamanda, tamaşada şəhid Ramiz Cəfərovun obrazı yaradılaraq həyatı və döyüşlərdəki igidliyi təsirli aktyor ifaları ilə uğurla əks etdirilib. Sənətçi Ruslan Zahidov isə lirik musiqi ifa edib.

Tamaşa-kompozisiya Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin dəstəyi, Xalq teatrının sənət kollektivi və Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələrinin tərəfdaşlığı ilə səhnələşdirilib.