Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Xalqın xilaskarı” mövzusunda elmi-praktik konfrans keçirilib

08.12.2021

Dekabrın 8-də ulu öndərin vəfatının ildönümü ilə əlaqədar Masallı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə karantin rejiminə əməl olunmaqla “Xalqın xilaskarı” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbirdə Mərkəzin kollektivi, rəsmi şəxslər, ictimai birlik nümayəndələri, təhsil işçiləri, tələbələr və digərləri iştirak edib.

Tədbirə başlamazdan öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərkəzin direktoru Dilbər İbayeva konfransı açıq elan edərək müasir Azərbaycan dövlətinin əldə etdiyi tərəqqi və inkişafın bilavasitə həyatının böyük hissəsini öz xalqına həsr etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.

D. İbayeva sonra sözü Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevə verib. Sədr mərhum lider Heydər Əliyevlə bağlı xatirələrindən söz açıb. Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşmüşdür. Q. Fətullayev məruzəsinin davamında ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib.

Daha sonra tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə, Gənclər və İdman İdarəsinin əməkdaşı Mehman Zahidov və Masallı Dövlət Regional Kollecinin müəllimi Elvira Soltanzadə ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıblar. Çıxışlarda dövlətimizin son illərdə əldə etdiyi nailiyyətlərin Heydər Əliyev siyasətinin bəhrəsi olduğu qeyd olunub, ulu öndərin müasir tariximizdəki müstəsna rolundan bəhs edilib.