Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət işçiləri Hərbi Qənimətlər Parkını ziyarət ediblər

03.12.2021

Dekabrın 3-də Masallı rayon Heydər Əliyev Mərkəzi və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşəbbüsü ilə adıçəkilən qurum əməkdaşlarının Bakı şəhərinə səfəri təşkil edilib. Səfər çərçivəsində Birinci Fəxri xiyaban, Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkı ziyarət olunub.

Kollektivlər əvvəlcə Birinci Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Sonra Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmətlə yad ediblər.

Daha sonra mədəniyyət işçiləri Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsinin əyani təcəssümü olan Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Mərkəz və Muzeyin əməkdaşları 44 günlük Vətən müharibəsində ordumuzun işğalçı Ermənistan hərbi birləşmələrindən ələ keçirdiyi hərbi qənimətlərlə yaxından tanış olublar.

Hərbi Qənimətlər Parkına ekskursiya ziyarətçilərdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbəsi haqqında dolğun təsəvvürlər yaratmaqla yanaşı, onlara qürurlu və sevincli anlar yaşadıb.