Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Xalq teatrında ”Şuşa Fatehi” tamaşa-kompozisiyası səhnəyə qoyulub

26.11.2021

Masallı Xalq teatrında şəhid Rəfail Hüseynova ithaf olunmuş "Şuşa Fatehi" adlı tamaşa-kompozisiya oynanılıb. Yazıçı-publisist Nurəddin Ədiloğlunun Masallı şəhidlərindən bəhs edən "Şəhidlik manifesti" bioqrafik kitabının motivləri əsasında səhnələşdirilən tamaşada teatrın kollektivi, Masallı Dövlət Regional Kollecinin tələbələri rolları ifa ediblər. Noyabrın 26-da Masallı rayon Mədəniyyət Mərkəzində həyata keçən səhnə tədbirində rayon rəhbərliyi və digər rəsmi şəxslərlə yanaşı, şəhid ailəsi üzvləri, yerli ziyalılar, media nümayəndələri və rayon sakinləri tamaşaçı kimi iştirak ediblər. Əvvəlcə, foyedə şəhid Rəfail Hüseynovun əşyalarından ibarət sərgiyə baxış keçirilib. Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi sükutla yad olunub.

Teatrın rejissoru Cəmaləddin Əliyev kompozisiyanın məzmunu və yaradıcı heyəti barədə qısa arayış verib.

Səhnə işinin ssenari müəllifi Nurəddin Ədiloğlu "Şəhidlik manifesti" kitabı əsasında artıq onuncu kompozisiyanın hazırlandığını tamaşaçıların nəzərinə çatdırıb. N.Ədiloğlu kitabın nəşrinə hazırlıq prosesi zamanı rayon şəhidlərinin valideynləri ilə görüşlərindən bəhs edərək şəhidlərin həyat hekayələrini onların öz dilindən qələmə aldığını qeyd edib. Şəhidlərlə qürur duyduğunu bildirən yazıçı, onların valideynlərinə ehtiramını ifadə edib. O, eyni zamanda şəhid Rəfail Hüseynovun həyatı və Şuşa uğrundakı döyüşlərdə göstərdiyi qəhrəmanlıq salnaməsindən də söz açıb. Şəhidin atası Teymur Hüseynov isə xalqımızın doğma yurd yerləri uğrunda apardığı mübarizəni müqəddəs amal kimi dəyərləndirib.

Şəhidin döyüşlər zamanı çəkilmiş həvəskar videokadrları nümayiş etdirildikdən sonra səhnə ifalarına başlanılıb.

Tamaşa-kompozisiyada hadisələr Şuşa şəhəri uğrunda həlledici döyüşlərə hazırlıq fonunda cərəyan edib. Tamaşada şəhid Rəfail Hüseynovun obrazı yaradılaraq qəhrəmanlığından bəhs olunub. Eyni zamanda, erməni qəsbkarlarının xalqımıza qarşı amansız rəftarı parlaq səhnə ifaları ilə əks etdirilib. Bundan əlavə, monoloqlarda vətən torpaqları uğrunda aparılmış mübarizə öyülüb, vətənin bütövlüyü səsləndirilən nidalarla vurğulanıb. Şeir kompozisiyalarında isə müqəddəs şəhidlik zirvəsi vəsf olunub, əbədi qəhrəmanların şücaəti poetik boyalarla ifadə olunub.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Masallı rayon komitəsinin dəstəyi ilə hazırlanan tamaşada Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, təhsil işçisi Rövşən Muxtarov və digərləri də rol alıblar. Tamaşaya teatrın əməkdaşları Cəmaləddin Əliyev, Elsevər Əliyev və Ruslan Zahidovun iştirakı ilə quruluş verilib. Karantin rejiminin tələblərinə riayət edilməklə keçən səhnə tədbiri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.