Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlı rayonunda “Milli dirçəliş tariximiz” adlı tədbir keçirilib

17.11.2021

Noyabrın 17-də Yardımlı rayon Heydər Əliyev Mərkəzində Milli Dirçəliş Gününə həsr olunmuş “Milli dirçəliş tariximiz” adlı tədbir keçirilib. Tədbirdə Mərkəzin işçiləri, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı üzrə nümayəndəsi Səfail İbişli və rayon sakinləri iştirak edib.

Tədbir iştirakçılarını salamlayaraq sözə başlayan Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev 1988-ci ilin noyabr-dekabr aylarına təsadüf edən, “Meydan hərəkatı” adını almış milli azadlıq hərəkatının başvermə səbəbləri, eləcə də Azərbaycan xalqının müstəqillik və ərazi bütövlüyü uğrunda göstərdiyi birlik və əzmdən geniş bəhs edib. A. Ağayev eyni zamanda, müstəqilliyimizin dönməzliyi və daimliyinin təminatçısı olmuş ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı danılmaz xidmətləri barədə fikirlərini tədbirdə iştirak edənlərlə bölüşüb.

Sonra Mərkəzin əməkdaşları Tural Kərimov, Zeynəb Məmmədzadə və GİKM-in nümayəndəsi Səfail İbişli mövzu ətrafında fikirlərini bildiriblər. Tədbirin sonunda müstəqilliyimizin memarı olan ümummilli lider Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.