Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib.

17.11.2021

Noyabrın 17-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, "Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin Masallı filialının sədri Nahid Rəhimov, Vətən müharibəsi qaziləri Çingiz Bəşirov və Orxan Əlirzayev, Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları və şəhər 2 saylı ümumtəhsil məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

İlk olaraq, Vətən uğrunda həyatından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Muzeyin direktoru Əntiqə Tağıyeva respublikamızın ümumtəhsil, orta-ixtisas və ali məktəblərində tədris olunan elmlər və humanitar fənlərin, eyni zamanda mövcud sosial şəbəkələrin gənclərə milli-mənəvi dəyərləri aşılamaq üçün böyük imkanlar yaratdığını qeyd edib. O, həmçinin əlavə edib ki, hər bir fərd yaşadığı cəmiyyətin inkişafına töhfə verməli, daim bu istiqamətdə çalışmalıdır.

DQİDK-nin əməkdaşı Kamil Bağırov vətəndaş cəmiyyətinin qurulmasından vacib mənəvi məsələ kimi bəhs edib. Bildirilib ki, mənsub olduğu dövlətin inkişafına çalışan, onun mənafeyini müdafiə edən, təhlükəsizliyi üçün məsuliyyət daşıyan vətəndaşın yetişdirilməsinə çalışmaq cəmiyyətin mənəvi inkişafının göstəricisidir. O, daha sonra deyib: "Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, elə bu səbəbdən Vətən müharibəsində gənclərimizin göstərdiyi igidliklər yeniyetmələrimizin tərbiyəsində böyük rol oynayır".

Daha sonra Nahid Rəhimov, qazi Çingiz Bəşirov və Təhmasib Məcidov çıxışlarında Birinci Qarabağ və Vətən müharibəsi dövründə səngərdə möhkəm dayanan igid oğullarımızın vətən sevgisi və dəyanətindən söz açıb, onların timsalında göstərilən misilsiz hərbi şücaəti xüsusi vurğulayıblar.

Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.