
07.01.2026
Yanvarın 7-də Lənkəran-Astara Regional Mədəniyyət İdarəsində qurumun aparat əməkdaşları və tabeliyində fəaliyyət göstərən mərkəzi müəssisə rəhbərlərinin iştirakı ilə 2025-ci ilə həsr olunmuş geniş hesabat iclası keçirilib. İdarə rəisi B.Qılıncovun sədrliyi ilə keçirilən iclasda hesabat dövründə həyata keçirilmiş işlər, icra olunmuş mədəni-maarif layihələri, tabe qurumların fəaliyyəti, kadr kontingenti ilə işin təşkili, eləcə də digər mühüm məsələlər müzakirə olunub, qarşıdakı dövr üçün əsas vəzifə və prioritet istiqamətlər müəyyənləşdirilib. İdarə rəisi hesabat dövründə mədəniyyət müəssisələri tərəfindən reallaşdırılmış dövlət proqramlarına, mədəni layihələrə, həmçinin 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" çərçivəsində həyata keçirilmiş tədbirlərə toxunub. O, bu istiqamətdə görülən işlərin təqdirəlayiq olduğunu vuruğulayaraq, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan ediliməsindən bəhs edib.
Sonra müəssisələrdə daxili intizam qaydalarına riayət olunmasının cari vəziyyətinə dair fikirlərini ifadə edib, insan resurslarından daha səmərəli istifadə məqsədilə həyata keçirilmiş optimallaşdırma və rotasiya tədbirləri, sənədləşdirmə sahəsində keyfiyyətin yüksəldilməsi üzrə aparılmış fəaliyyətlər, eləcə də daxili nəzarət tədbirləri barədə məlumat verib.
Müəssisə rəhbərlərindən Dilbər İbayeva, Şahin Əliyev, Şəlalə Ağayeva, Sadiq Bayramov və Xəzər İbrahimov hesabat məruzəsi ilə çıxış edərək, rəhbərlik etdikləri müəssisələr tərəfindən hesabat dövründə görülmüş işlər haqqında məruzə ediblər. Məruzə və çıxışlardan sonra müzakirə olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, tövsiyə və təkliflər səsləndirilib.