04.02.2025
Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar və müğənni, professor Polad Bülbüloğlunun 80 illik yubileyinə həsr olunmuş “Polad Bülbüloğlu-80” adlı tədbir keçrilib.
Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva Polad Murtuza oğlu Məmmədovun 4 fevral 1945-ci ildə Bakıda anadan olduğunu,özünə soyad kimi atasının ləqəbini-Bülbül götürdüyünü bildirib. O, qeyd edib ki, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirən Polad Bülbüloğlu geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır.
Sonra kitabxananın digər əməkdaşı Gülər Kərimova məruzəsində bir çox kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifi olan Polad Bülbüloğlunun 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını aldığını, 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışdığından söz açıb.
Vurğulanıb ki,görkəmli sənətkarın qələmə aldığı "Məhəbbət və ölüm" baletinin Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində tamaşaya qoyulması ilə böyük mədəniyyətimizə verdiyi samballı töhfəyə, ölkəmizin imici üçün göstərdiyi səylərdə mənəviyyət və vətənpərvərlik nəzər nöqtəsindən çıxış etdiyinə görə Azərbaycanda "2009-cu İlin Adamı" elan edilib. 2025-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.