
17.01.2026
Yanvarın 16-da Masallı rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “Qanlı 20 Yanvar faciəsi” adlı dəyirmi masa və sənədli film nümayişi keçirilib. Tədbirdə rayonun fəal gəncləri, mədəniyyət işçiləri iştirak edib. Dəyirmi masa zamanı çıxış edənlər 1990-cı il yanvarın 20-də baş vermiş faciəvi hadisələri xatırladaraq, bu günün Azərbaycan xalqının yaddaşında qəhrəmanlıq və milli birlik simvolu kimi yaşadığını vurğulayıblar. Bildirilib ki, sovet ordusunun Bakıya və digər şəhərlərə yeridilməsi nəticəsində yüzlərlə günahsız insan şəhid olub, yüzlərlə insan yaralanıb və itkin düşüb. Bu qanlı hadisə xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinin dönüm nöqtəsi olub. Tədbirin davamında 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. Film vasitəsilə gənclər həmin dövrün real görüntüləri və şahid ifadələri ilə tanış olaraq, faciənin dəhşətlərini daha dərindən hiss ediblər. Gənclər arasında vətənpərvərlik ruhunun aşılanması və tarixi yaddaşın qorunması məqsədi daşıyan bu tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.